|
Tələbə qrant proqramı
Nov 22,2007 23:05
Gənclər üçün Təhsil Mərkəzi Sizləri Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və Project Harmony təşkilatı ilə birgə həyata keçirtdiyi “Gənclərin Aktivliyinin İnkişafı Təşəbbüsü” layihəsi çərçivəsində Tələbə Qrant Proqramının 2007-ci ilin Payız mərhələsində iştirak etməyə dəvət edir. Tələbə Qrant Proqramının əsas məqsədi tələbə-gənclərin ictimai aktivliyini artırmaq, onların aktiv vətəndaşlıq bacarıqlarının artırılmasına kömək etmək, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq, tələbələrin öz icmalarının problemlərinin həllində iştirakının və müxtəlif sahələrdə onların məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir. 2007-cı ilin Payız Mərhələsi üzrə mövzu: “Mən aktiv vətəndaşam” QAYDA VƏ TƏLƏBLƏR
Kimlər müraciət edə bilər? Yalnız ali məktəblərdə təhsil alan tələbələrdən ibarət qruplar bu proqramda iştirak edə bilərlər. Hər bir tələbə qrupu yalnız bir layihə təklifi ilə çıxış edə bilər. Təqdim edilmiş layihə təklifləri və ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılmayacaq. Layihə təklifləri hansı sahələri əhatə edə bilər? Təqdim olunan layihə təklifləri tələbələrin aktiv vətəndaş mövqeyindən çıxış edərək, həyata keçirmək istədikləri ictimai işlərə yönəlməlidir. Aşağıdakı fəaliyyətləri əhatə edən layihələrə üstünlük veriləcəkdir: • Aktiv vətəndaşlıq ideyalarını təbliğ edən maarifləndirici layihələr; • Sosial əhəmiyyətli aksiyaların keçirilməsi; • Tələbələrin xüsusi qayğıya ehtiyacı olan insanlarla bağlı könüllülük işləri; • Tələbələr arasında inteqrasiyanın və şəbəkələşmənin güclənməsinə yardım edəcək layihələr; • Tələbələrin öz hüquqları, liderlik bacarıqları və vətəndaşlıq təhsilinin artırılmasına yönəlmiş qeyri formal ictimai layihələrin həyata keçirilməsi. Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil, humanitar yardım və biznes fəaliyyətini nəzərdə tutan layihə təklifləri maliyyələşdirilmir. Layihələrin icrasına 01 dekabr 2007-ci il tarixindən tez olmayaraq başlanılmalıdır. Layihə təklifi üçün veriləcək maliyyə nə qədərdir? Layihə təklifinin mövzusundan və səmərəliliyindən asılı olaraq ayrılacaq ən yüksək məbləğ 1000 ABŞ dolları çərçivəsində müəyyən edilir. Uğurlu layihə necə tərtib olunmalıdır? İlk növbədə uğurlu layihələr 2007-cı ilin payız mərhələsində göstərilmiş mövzuya, fəaliyyət sahələrinə və tələblərə uyğun olaraq hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli və icrası tələbə qrupları tərəfindən mümkün olmalıdır. Layihə təkliflərində layihələrin davamlılığı və bu layihələr çərçivəsində əldə olunmuş uğurlu nəticələrin digər gənclər və tələbələrlə necə bölünülməsi də öz əksini tapmalıdır. Layihə təklifləri bu elana əlavə olunmuş ərizə formasına uyğun tərtib olunmalıdır. Layihə təklifləri Azərbaycan dilində və kompüterdə tərtib olunmalıdır. Layihə təklifləri nəzərdən keçirilərkən üstünlük, həmçinin daha real büdcə xərcləri olan layihələrə veriləcək. Layihə büdcəsi hazırlanarkən həmmaliyyələşmə mənbələri, yəni tələbə qruplarının layihə büdcəsinə edəcəkləri tövhələr də öz əksini tapmalıdır. Büdcə xərclərinə əmək haqqı, qonorar və layihədə göstərilən fəaliyyətlərlə əlaqəli olmayan xərclər daxil edilməməlidir. Layihə təkliflərinin qəbul olunduğu müddət. Layihə təklifləri Gənclər üçün Təhsil Mərkəzinə 26 noyabr 2007-ci il saat 18:00-dan gec olmayaraq təqdim olunmalıdır. Gecikdirilmiş layihə təklifləri nəzərdən keçirilməyəcək. Layihə təklifləri Ekspertlər Şurası tərəfindən diqqətlə nəzərdən keçiriləcək və müəyyən olunmuş meyarlar əsasında qiymətləndiriləcəkdir. Yekun cavablar 30 noyabr 2007-ci il tarixindən gec olmayaraq ərizə təqdim etmiş hər bir tələbə qrupunun elektron poçtuna (e-mail) göndəriləcək. Nəticələr haqqında məlumat telefon vasitəsilə verilməyəcək. Məlumat sessiyası: Tələbə Qrant Proqramı ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzi əvvəlcədən xəbərdarlıq etməklə, əksər ali məktəblərdə məlumat sessiyaları təşkil edəcək. Məlumat sessiyalarında Mərkəzin ekspertləri tərəfindən bütün suallar cavablandırılacaq. Həmçinin tələbə qrupları Qrant Proqramı elan olunan tarixdən başlayaraq Gənclər üçün Təhsil Mərkəzinin ofisinə gələrək, istədiyi suallara cavab ala bilərlər. Mərkəzin ünvanı və əlaqə telefonları aşağıda göstərilib. Layihə təkliflərinin qəbulu üçün son tarix: 26 NOYABR 2007-Cİ İL, SAAT 18:00-DƏK Layihə təklifləri həm elektron, həm də çap formatda aşağıdakı ünvana təqdim olunmalı və qəbz alınmalıdır: Gənclər üçün Təhsil Mərkəzi Ünvan: Bakı şəhəri, AZ 1141, Ə.Ələkbərov küçəsi 93, 9-cu mərtəbə (Lider TV və Torpaq Komitəsinin yanı) Tel./faks: (+994 12) 434 22 03 Mobil: (+994 50) 367 23 33 E-mail: office@ecy-az.org TƏLƏBƏ QRANT PROQRAMI Bakı, Azərbaycan
ƏRİZƏ FORMASI Ümumi məlumat: Tələbə qrupunun adı: Ünvanı: Əlaqə telefonları: E-mail: Əlaqələndirici şəxs: Üzvlərin sayı: Layihə haqqında: Layihənin adı: Layihənin başlama tarixi: Layihənin bitmə tarixi: Layihənin icra olunacağı yer: Layihənin ümumi büdcəsi: Layihənin təsviri: Layihənin tərtibi üçün ərizə formasına əlavə edilmiş Ərizənin Doldurulması Qaydalarına baxın. 1. Layihənin qısa təsviri və məqsədləri: 2. Layihənin əsaslandırılması:
3. Layihə üzrə fəaliyyətlər və iş planı:
4. Layihənin davamlılığı:
5. Layihənin büdcəsi:
6. Layihənin hazırlanmasında iştirak:
8. Layihəni tərtib edən tələbə qrupu haqqında məlumat:
_________________________ ________________________ Məsul şəxsin adı və imzası Tarix və yer
Layihə təkliflərinin qəbulu üçün son tarix: 26 noyabr 2007-ci il, saat 18:00-dək Layihə təklifləri həm elektron, həm də çap formatda aşağıdakı ünvana təqdim olunmalı və qəbz alınmalıdır: Gənclər üçün Təhsil Mərkəzi Ünvan: Bakı şəhəri, AZ 1141, Ə.Ələkbərov küçəsi 93, 9-cu mərtəbə (Lider TV və Torpaq Komitəsinin yanı) Tel./faks: (+994 12) 434 22 03 Mobil: (+994 50) 367 23 33 E-mail: office@ecy-az.org ƏRİZƏNİN TƏRTİB OLUNMASI QAYDALARI
LAYİHƏNİN QISA TƏSVİRİ VƏ MƏQSƏDLƏRİ Bu sizin ərizənizin ən vacib hissəsidir. Bu hissədə siz öz layihənizi Qrant Proqramına xırda detallara müraciət etmədən təqdim edə biləcəksiniz. Burada siz öz layihənizin məqsədi və fəaliyyətiniz haqqında qısa məlumat verməlisiniz. Təklif etdiyiniz layihənin özünəməxsus aspektlərinə daha çox diqqət yetirmənizi tövsiyə edərdik! Unutmayın ki, ekspertlərimiz yalnız ən yaxşı təklifləri, yəni elanda göstərilmiş kriteriyalara uyğun gələn təklifləri mükafatlandırır. Bu bölmə bir vərəqdən artıq olmamalıdır, bu sadəcə sizin layihənin qısa izahatıdır.
LAYİHƏNİN ƏSASLANDIRILMASI Bu bənd layihənin həlledici hissələrindən biridir. Sizin layihə nəyə görə əhəmiyyətlidir? Qrant Proqramı nəyə görə məhz sizin layihəni maliyyələşdirməlidir? Azərbaycanda bu səpkidə fəaliyyətlərin aparılması üçün hansı zərurətlər var? Azərbaycanda hazırda bu istiqamətdə görülən və ya keçmişdə görülmüş bənzər tədbirlər varmı? Bu layihənin həyata keçirilməsi üçün zərurətlər nədən irəli gəlir? Təqdim olunan layihə əvvəllər görülmüş müvafiq işlərlə nə dərəcədə əlaqəlidir və ya bu işlərin miqyaslarının genişləndirilməsi məqsədlərini güdürmü? Bu layihə indiyədək görülmüş müvafiq işlərin təkmilləşdirilməsin nə kimi təsirlər göstərə bilər? Təqdim olunan layihə bizim elandakı məqsəd və tələblərə nə dərəcədə uyğun gələcək? Xahiş edirik proqram və onun məqsədlərini izah edəsiniz. Layihə nəyə nail olacaq və bu layihədən kimlər bəhrələnəcək (layihə hansı auditoriya üçün nəzərdə tutulub)? Təklifiniz layihə ilə tanış olmayan şəxsi ilk tanışlıqdan sizin hansı tədbirləri görəcəyiniz haqqında təxmini təsəvvür yaratmaq üçün lazımi informasiya ilə təmin etməlidir. Layihə həyata keçirildiyi təqdirdə nə kimi məqsədlərə nail olacaq? Bu layihə kimlərə və necə təsir göstərəcək? Nəzərdə tutulan tədbirlər planı gözlənilən nəticələri əldə etməyə necə yardım edəcək? Təqdim edilən layihənin izahı nə qədər detallaşdırılmış, xüsusiləşdirilmiş və aydın olarsa bir o qədər təqdirəlayiq olar. LAYİHƏ ÜZRƏ FƏALIYYƏTLƏR VƏ İŞ PLANI: Layihəyə əsasən və layihə ilə müəyyən edilmiş müddət ərzində görüləcək işləri və ya nəticələri təfərrüatı ilə izah edin. Təşkilatın layihənin həyata keçirilməsi üçün ayırdığı resursları qeyd edin. İşlərin kimlər tərəfindən və harada həyata keçiriləcəyi, iştirakçı kimi neçə nəfərin cəlb ediləcəyi və s. barədə məlumatlar verin. İş planını daxil edin. Keçirəcəyiniz treninq, seminar və ya digər tədbirlərin gündəliyini daxil edin. Layihə çərçivəsində çap ediləcək broşur, məlumat vərəqələri və kitabçaların mövzularının və spesifik paylama materialının təmin olunması vacibdir. LAYİHƏNİN DAVAMLILIĞI: Əgər layihənin bizim tərəfimizdən maliyyələşdirilməsi sona çatdıqdan sonra belə həyata keçirilməsi nəzərdə tutulursa ərizəçi bundan sonra və gələcəkdə təşkilatın həmin fəaliyyətinin necə maliyələşdiriləcəyini dəqiq izah etməlidir. Layihənin uzunmüddətliyini təmin edəcək amillər təklifdə öz əksini tapmadığı halda təklif tərəfimizdən baxılmayacaq. Layihənin gələcəkdə digər donorlardan asılı olmayaraq müstəqil fəaliyyət göstərməsini təmin etmək məqsədilə layihə həyata keçirildiyi müddət ərzində nə kimi tədbirlər görəcəksiniz? Sizin layihənin ünvanlandığı auditoriyanın bu layihədən özləri üçün necə bəhrələnə biləcəklərini izah edən bəzi amilləri göstərin. LAYİHƏNİN BÜDCƏSİ: Ekspertlərimizin proqramda iştirak etmək üçün müraciət etmiş qrupun müəyyən maliyyə vəsaitinə olan ehtiyacı haqqında təsəvvürü yaransın deyə siz layihəyə əsasən məsrəflərin dəqiq siyahısını təqdim etməlisiniz. Büdcə ardıcıllıqla tərtib edilməli və büdcə ilə tanışlıq zamanı rəqəmlərin nəyə aid olduğunu və necə hesablandığını anlamaq üçün müvafiq detalların qeyd olunması zəruridir. Büdcənin izahı (şərhi) aktiv büdcə və büdcədə göstərilmiş xərcləri də əks etdirməlidir. Başqa sözlə desək, büdcə şərh edilərkən bir birinin ardınca rəqəmlərin necə alındığını və nəyə aid olduğunu qeyd etmək zəruridir. Layihə məsrəfləri layihə çərçivəsində görüləcək işlərin dəyərini əks etdirməlidir. Buraya mütəxəssislər və ya layihə ilə əlaqəli olan şəxslər üçün nəzərə tutulmuş qonorarlar; seminar və konfransların keçirilməsi üçün məsrəflər (çıxış edənlərin haqqı, lazımi materialların hazırlanması, müvafiq yerin icarəsi). Avadanlıq layihənin həyata keçirilməsi üçün lazım olan (qeyd edək ki, yalnız hər hansı bir konfransın keçirilməsi üçün kompüterin alınması əsassız məsrəf kimi qiymətləndiriləcək) kompüter, surətçıxarma maşını, printer və ya digər texniki vasitələri nəzərdə tutur. İnzibati xərclər kommunikasiya (telefon, faks, e-mail, və poçt) xərcləri; surətçıxarma və çap xidmətləri; ofis ləvazimatları (kağız, zərflər, toner və s.) üzrə xərcləri nəzərdə tutur. Büdcədə «nəzərdə tutulmamış xərclər», «sair xərclər» və ya «xırda xərclər» kimi bəndlərin göstərilməsi qəbuledilməzdir. Məsrəflərin bölüşdürülməsi . Xahiş edirik təşkilatınız tərəfindən layihənin həyata keçirilməsini təmin etmək məqsədilə könüllü ödəmələrin və ya məsrəflərin bölüşdürülməsi üzrə görəcəyi tədbirləri qeyd edin. Buraya könüllü fəaliyyət, nəqliyyat vasitələrinin təqdim edilməsi, kommunal xidmətlər, ərzaq təminatı, avadanlığın və ya layihə üzrə tədbirlərin (tədbirlərin keçirilməsi üçün müvafiq yerlə təmin etmək, elanların çap etdirilməsi və s. xərclər) daxili imkanlar hesabına təşkil edilməsi və s. tədbirlər aiddir. LAYİHƏNİN HAZIRLANMASINDA İŞTİRAK: Bu bölmədə layihənin tərtibatında iştirak etmiş insanlar haqqında qısa məlumat verəcəksiniz. LAYİHƏNİ TƏRTİB EDƏN TƏLƏBƏ QRUPU HAQQINDA MƏLUMAT: Bu məlumat mümkün qədər yığcam olmalıdır. Tələbə qrupu nə vaxt və nə məqsədlə yaradılıb? Tələbə qrupunun missiya və məqsədləri nədən ibarətdir? Əsas fəaliyyət prinsipləri və nə kimi əhəmiyyətli nailiyyətləri var? Tələbə qrupunun rəhbəri, layihənin koordinatoru və layihədə iştirak edəcək digər məhsul vəzifəli əməkdaşların adları və vəzifələri haqqında müvafiq məlumat verilməlidir. Bununla yanaşı layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş şəxslər haqqında CV də təqdim edilməlidir. CV-lər bir səhifədən artıq olmamalıdır. XAHİŞ EDİRİK QEYD OLUNMUŞ TƏLƏBLƏRİN YERİNƏ YETİRİLDİYİNƏ ƏMİN OLMAYINCA ƏRİZƏ FORMALARINI TƏQDİM ETMƏYİN !
|