Gəncədə yerli QHT-lərin I Forumu keçirildi
Oct 29,2007 02:21

28.10.2007-ci il tarixdə ACİ-YF/Azərbaycan təşkilatının və Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinin dəstəyi və təşkilatçılığı ilə region QHT-lərinin 1-ci Forumu keçirildi.
Forumu giriş sözü ilə açan Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinin direktoru iştirakçıları gündəlik məsələ ilə  tanış etdikdən sonra  bildirdi ki, tədbirdə 83 QHT nümayəndəsi iştirak edir. Eyni zamanda, yerli icra strukturunun nümayəndələri və tanınmış politoloqlar da iştirakçılara təqdim olundu.
ACİ-YF/ Azərbaycan təşkilatının icraçı direktoru, şərqşünas alim, Fərda Əsədov “Vətəndaş Cəmiyyəti və onun strukturu” mövzusunda çıxış etdi. Natiq ACİ-YF/Azərbaycan təşkilatının vətəndaş cəmiyyətinin inkişafında rolunu iştirakçıların diqqətinə çatdırdı.
Şərqşünas alim, politoloq, ACİ-YF/Azərbaycan təşkilatı idarə heyətinin sədri Zərdüşt Əlizadə “Vətəndaş cəmiyyəti quruculuğunda QHT-lərin rolu” haqqında öz fikirlərini açıqladı və QHT rəhbərlərinin mövzuya aid suallarını cavablandırdı.
Fuad Süleymanov (hüquqşünas, ACİ-YF/Azərbaycan təşkilatının Hüquq və Vətəndaş Cəmiyyəti Proqramının direktoru) “Azərbaycanda açıq cəmiyyət quruculuğunda mövcud olan problemlərin hüquqi aspektləri” haqda iştirakçıları məlumatlandırdı.
Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Ruslan Qardaşov “Hakimiyyətin QHT-ləri dəstəkləməsinin vətəndaş cəmiyyəti üçün əhəmiyyəti”   mövzusunda çıxış etdi. AR Prezidentinin 27 iyul 2007-ci il tarixdə imzaladığı QHT-lərə dövlət dəstəyi Konsepsiyası barədə sərəncama münasibətini bildirdi.
Politoloq alim, ACİ-YF/Azərbaycan təşkilatı idarə heyətinin üzvü Rasim Musabəyov  “Avropa qonşuluq siyasəti, Avropaya inteqrasiya perspektivləri və bu prosesdə vətəndaş cəmiyyətinin rolu” mövzusunda məruzə ilə çıxış etdi. R.Musabəyovun fikirləri ətrafında da müzakirələr oldu.
Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinin direktoru Həsən Hüseynov “Regionda fəaliyyət göstərən QHT-lərin fəaliyyət problemləri, onların strategiyasında ümumi istiqamətlər” mövzusunda çıxış etdi. Sonra bu məsələ ətrafında da yerli QHT rəhbərləri öz fikir və mülahizələrini səsləndirdilər.
MQF Şəmkir RQRTM-in 2001-2007-ci illər ərzində gördüyü işlər, region QHT-lərinin cari və konseptual problemləri, fəaliyyət perspektivləri və inkişafı haqda  tədbir iştirakçılarına ətraflı məlumat verildi. AR Prezidentinin QHT-lərə dövlət dəstəyi Konsepsiyasına münasibət bildirildi.
Sonda F.Əsədov Forumdan qabaq və Forumun gedişində  toplanan materialların əsasında əldə olunmuş analitik nəticələrin kitabça şəklində çap edilərək, iştirakçılara çatdırılacağını bildirdi.


MQF Şəmkir RQRTM-in direktoru F.Bədəlov