AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ALMANİYADA MƏTBUAT ÜÇÜN BƏYANATI
Feb 08,2010 04:55

Xəbər verdiyimiz kimi, fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransı keçirmişlər. Dövlətimizin başçısını Federal Kansler qarşılamışdır. Prezident İlham Əliyev və Kansler Angela Merkel mətbuat üçün birgə bəyanatla çıxış etmişlər.
PREZİDENT İLHAM ƏLİYEVİN BƏYANATI
-İlk növbədə, məni Almaniyaya dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. 
Siz qeyd etdiniz ki, üç il bundan əvvəl biz Sizinlə burada - Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür və bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir. 
Azərbaycan isə, öz növbəsində Avropanın enerji təhlükəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini verməyə hazırdır. Siz bu gün Nabukko layihəsi haqqında fikirlərinizi söylədiniz. Biz bu layihəni dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, Nabukko layihəsinin müzakirəsi bu gün daha da intensiv xarakter daşıyır. Hesab edirəm ki, bu, çox müsbət amildir. Azərbaycanda əvvəlki illərdə yaradılan nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko və “Cənub dəhlizi”nin digər layihələrinin həyata keçirilməsi üçün gözəl zəmin yaradır. 
Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub. Bu proqramın icrası nəticəsində ölkəmizdə siyasi, iqtisadi islahatlar, demokratikləşmə prosesləri daha da sürətlə gedəcəkdir. 
Beləliklə, ikitərəfli münasibətlərin məzmunu çox dəyərlidir və gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən sonra münasibətlərimiz daha da sürətlə inkişaf etməyə davam edəcəkdir.