Vyana meydanında Xocalı soyqırımının ildönümü ilə əlaqədar mitinq keçiriləcək
Feb 08,2010 04:44

Beynəlxalq Diaspor Mərkəzi Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar Vyananın "Ştefan Plas" meydanında mitinq keçirəcək. Bu barədə Mərkəzin məlumatında deyilir.
   Vyananın dövlət strukturlarından soyqırıma həsr edilmiş bu mitinqin keçirilməsinə dair icazə alınıb.
   "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Beynəlxalq Diaspor Mərkəzi fevralın 18-dən 27-dək aksiyalar keçirəcək. Bu barədə qərar Mərkəzin Şərqi Avropa ölkələrində tədbirlərə hazırlığa həsr olunan yığıncağında qəbul edilib.
   "Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədilə təsis edilib.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.