Azay Quliyev Rauf Zeyniyə 50 yaşının tamam olması münasibətilə təbrik ünvanlayıb
Feb 04,2010 03:56


Təbrikdə deyilir:


“Hörmətli Rauf müəllim!

Sizi 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin adınız və fəaliyyətiniz Azərbaycan ictimai sektoru üçün ən tanış və doğma adlardan biridir. On ildən artıq bir müddətdə Siz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının formalaşması və möhkəmlənməsi üçün ciddi səylər göstərmiş, bu yolda öz bilik və bacarığınızı əsirgəməmisiniz. Heç təsadüfi deyil ki, vaxtilə yaradılmasında fəal iştirak etdiyiniz Milli QHT Forumunun üzvü olan yüzlərlə təşkilat 2008-ci ildə böyük etimad göstərərək, Sizi bu hörmətli və nüfuzlu qurumun başçısı seçmişlər. Ümidvaram ki, ölkə QHT-lərinin daha effektiv əlaqələndirilməsi üçün Siz bundan sonra da böyük əzm və fədakarlıq nümayiş etdirəcək və ictimai sektorun inkişafına yeni-yeni töhfələr verəcəksiniz.


Hörmətli Rauf müəllim!

Birgə çalışdığımız illər ərzində təmənnasız ictimai fəaliyyətdən Sizin necə zövq aldığınızın şahidi olmuşuq. Başqalarının mənəvi zənginləşməsindən, cəmiyyətin rifahının yüksəlməsindən doğan ictimai qayğılarla yaşamaq Sizin həyat tərzinizə çevrilmişdir. Bu çox çətin, məsuliyyətli, eyni zamanda şərəfli bir missiyadır. Sizə bu yolda böyük uğurlar, can sağlığı və bol sevincli günlər arzulayıram.”

 

 

MQF mətbuat xidməti