AZAY QULİYEV MALİYYƏ NAZİRLİYİ İLƏ RAZILAŞMANIN TƏFƏRRÜATLARINI AÇIQLADI
Feb 01,2010 04:25


 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yanvarın 28-də maliyyə nazirinin birinci müavini İlqar Fətizadə ilə görüşüb. Görüşdə QHT-lərin milli mühasibat uçotu standartlarına keçidi, Maliyyə Nazirliyinə verəcəyi illik maliyyə hesabatlarının təqdimetmə qaydaları, bu sahədə bilik və bacarıqlarının artırılması və yarana biləcək mümkün çətinliklər müzakirə olunub. Azay Quliyev “Media forum” saytına müsahibəsində əldə olunan razılaşmaların detallarından danışıb. 

- İndiyə qədər Azərbaycanda QHT-lərin Maliyyə Nazirliyinə hesabatı praktikası olmayıb. Bu baxımdan 

bir sıra çətinliklər və suallar yaranıb. Bu istiqamətdə QHT-lərin işini asanlaşdıracaq hansı razılaşmalar əldə edildi və hansı məsələlər açıq qaldı? 

- Şübhəsiz, ilk təcrübə olduğundan müəyyən çətinliklər var. Bu çətinliklər həm QHT-ləri, həm bizi, həm dövləti, həm də Maliyyə Nazirliyini narahat edir. Biz düşünürük ki, Maliyyə Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası və QHT-lər bir yerdə bu çətinliklərin öhdəsindən gələcək. 

Yaranan çətinlikləri sıralasaq, ilk yerdə QHT-lərin məlumatlılıq məsələsi durur. Yəni bütün QHT-lər işin qanuni hissəsi ilə bağlı məlumatlı olmalıdırlar. İkinci məsələ hesabatın tərtib edilməsi, üçüncü isə Maliyyə Nazirliyinin hesabatın təqdimatını asanlaşdırmaq istiqamətində hansı köməyi göstərə biləcəyidir. Sadaladığım hər üç çətinliklə bağlı Maliyyə Nazirliyində çox ətraflı və məhsuldar fikir mübadiləsi apardıq. Razılaşdıq ki, 10 mütəxəssisdən ibarət işçi qrupu yaradılsın, QHT-lər üçün təlimlər və məsləhət sessiyaları təşkil edilsin. Eyni zamanda belə qərara gəldik ki, QHT-lərin işini asanlaşdırmaq məqsədilə Maliyyə Nazirliyi hesabatların elektron formada qəbulu üçün proqram hazırlasın. 

Maliyyə Nazirliyinin rayon şöbələrinin imkanlarından istifadə edilməsi məsələsində də razılığa gəldik. Bu onun üçündür ki, rayonlarda olan və internet imkanı olmayan QHT-lər nazirliyin şöbələrindən hazır hesabat formasını götürə bilsinlər. Daha sonra bütün məlumatlar həm şuranın, həm də Maliyyə Nazirliyinin rəsmi saytına yerləşdiriləcək. 

QHT-lərə Dövlət Dəstəyi Şurasının ofisinə və rayon maliyyə şöbələrinə müraciət edən QHT-lərə paylanması üçün Maliyyə Nazirliyi 3 min nüsxədə hesabat forması çap etdirəcək. 

Nazirlikdəki görüşdə maliyyə fəaliyyəti olmayan QHT-lərin vəziyyəti barədə də müzakirələr apardıq və belə razılaşdıq ki, onlar sadəcə olaraq öz rekvizitlərini qeyd edib boş blank təqdim etsinlər. Yəni fəaliyyəti yoxdursa, heç kim həmin QHT-dən yazılı maliyyə hesabatı tələb edə bilməz. 

Mən hesab edirəm ki, QHT-lər maliyyə şəffaflığından yox, hesabatın verilmə prosedurundan narahatdırlar və bu işin asanlaşdırılmasını istəyirlər. Bu baxımdan çətinliklərə, anlaşmazlıqlara, çaşqınlıqlara diqqətlə yanaşılacaq. Görüşdə mən məsələ qaldırdım ki, hesabatın yazılış qaydalarında yanlışlıqların olması labüddür. Razılaşdıq ki, belə olan halda QHT-lərin təklifləri əsasında hesabatın yenidən təkmilləşdirilməsi üçün imkan tanınsın. 

- Yaradılacaq işçi qrupun martın 31-dək paytaxt və region QHT-lərinə hesabatların tərtibinə kömək məqsədilə məsləhət sessiyaları təşkil etməsi nəzərdə tutulub. İşçi qrupundakı mütəxəssislərin və sizin əməkdaşlıq etdiyiniz QHT-lərin sayını nəzərə alsaq, bu planların həyata keçirilməsi nə dərəcədə real görünür? 

- Ola bilər ki, texniki baxımdan bu müddət ərzində bütün QHT-ləri təlimə cəlb etmək mümkün olmasın. Lakin biz bu məsələni televiziyaları prosesə cəlb etməklə aktuallaşdıra bilərik. Mən təklif etmişəm ki, İctimai Televiziyada bu mövzuda müzakirələr, bir növ canlı təlimlər keçirilsin. Müvafiq qurumların təmsilçiləri də həmin proqramda yaranan sualları cavablandırsın. 

Eyni zamanda mən hesab edirəm ki, QHT-lər özləri hesabat formasını əldə etməkdə, məlumat almaqda maraqlı olmalıdırlar. Çünki hesabatları təqdim etməyən təşkilatların 2500 manat cərimələnməsi nəzərdə tutulur ki, bu, QHT-lər üçün heç də kiçik rəqəm deyil. QHT-lər belə vəziyyətlə üzləşməmək üçün fəal olmalıdırlar. Əgər prosesin gedişində QHT-dən asılı olmayan hansısa problem yaransa, şura onu həll edə bilər. Hər halda, mükəmməl olmasa belə, hər bir QHT hesabat vermək üçün qeydiyyatdan keçməlidir. Hesabatın təkmilləşdirilməsi üçünsə bizim Maliyyə Nazirliyi ilə əməkdaşlığımız davam edəcək. 

- Bu il hazırlıq və maarifləndirmə işlərinin görülməsi və gələn il hesabatların verilməsinin tətbiqi mümkün deyilmi? 

- Biz istənilən halda bu işi başlatmalıyıq. Şuranın da belə təklifi vardı ki, bu məsələ bir qədər ləngidilsin. Amma müzakirələr zamanı Maliyyə Nazirliyinin əməkdaşları bizi əmin etdilər ki, iki ay ərzində QHT-lərin bu işə hazır olması üçün maksimum vaxt və əmək sərf edəcəklər. Bizim əsas narahatlığımız QHT-lərin hazır olmaması ilə bağlıdır. Amma hesab edirəm ki, Maliyyə Nazirliyinin birgə fəaliyyət planı iki ay müddətində QHT-lərin maksimum hazırlıq mərhələsini keçməsinə imkan verəcək. 

- Şuranın 2009-cu ilin yekunlarına dair hesabatında 2010-2015-ci illərdə ictimai sektorun güclənməsi məqsədilə milli strategiya və fəaliyyət planı hazırlanmasının nəzərdə tutulduğu bildirilir. Bu barədə daha ətraflı nə deyə bilərsiniz? 

- Biz QHT sektorunun vəziyyəti ilə bağlı milli hesabat hazırlamışıq. Həmin hesabat məhz qeyd etdiyiniz strategiyanın əsasını təşkil edir. Bizim ekspertlər çox önəmli təkliflər və tövsiyələr hazırlayıblar. Həmin tövsiyələr əsasında şuranın yeni ekspertlər qrupu yaranacaq və onların hazırladığı təkliflər əsasında strategiya hazırlanacaq. Biz bunu hökumətlə qarşılıqlı koordinasiya edəcəyik. Hesab edirik ki, strategiya dövlət başçısına təqdim olunmalıdır və cənab prezidentin təsdiqindən sonra bu cür layihələr icra edilməlidir. 

- Təkliflərdən söz düşmüşkən, QHT-lərin maliyyə davamlılığını təmin etmək üçün bu sektorun 22 faizlik məcburi sosial sığortadan azad olunması şansı varmı? 

- Bu məsələdə biz bir tərəfdən vətəndaşların sosial təminatını, digər tərəfdən QHT-lərin imkanlarını nəzərə almalıyıq. Yəni QHT-lərə verilən qrant vəsaitlərinin azlığı və sosial yönlü olduğu nəzərə alınmalıdır. Hesab edirəm ki, bu məsələdə ortaq məxrəcə gəlmək mümkündür. Təkliflərdən biri 22 faizin ümumiyyətlə ləğvi yox, həcminin azaldılmasıdır. İkincisi isə həmin o vəsaitin dövlətdən ödənməsidir. Hazırda biz bu təkliflərdən hansının daha münasib olması istiqamətində araşdırma aparırıq.