QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev həyata keçirilən layihələrlə bağlı mətbuata açıqlama verib
Jan 28,2010 23:26

 

 

 

qhtxeber.az Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın fəaliyyəti və 2009-cu ildə QHT-lərlə birgə həyata keçirilən layihələrlə bağlı mətbuata açıqlama verib. O bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 5 istiqamət üzrə QHT-lərə dövlət dəstəyini həyata keçirir. Bunlar maliyyə, metodiki, konsultativ və təşkilati-texniki dəstəkdir. Şura sədrinin sözlərinə görə, bu dəstəyin hər biri QHT-lərin fəaliyyətlərinin düzgün qurulması, QHT sektorunun inkişafı təmin etmək, QHT-hökumət münasibətlərini yaxşılaşdırılması və bu münasibətləri yeni bir müstəviyə keçirilməsi, ən nəhayət ictimai əhəmiyyətli problemlərinin həllinə QHT-lərin potensialının yaxından cəlb edilməsi məqsədi daşıyır. A.Quliyev bildirib ki, Şura 2009-cu ildə təxminən 613 layihə təklifi qəbul edib: “Bunlardan 248-i tərəfimizdən maliyyələşdirilib. 248 layihəyə 2 milyon 68 min manat vəsait ayrılıb. Bundan başqa 2009-cu ildə beynəlxalq təşkilatlarla birgə qrant layihələri həyata keçirmişik. Beynəlxalq partnyorlardan Dünya Bankı və Açıq Cəmiyyət İnstitunu qeyd edə bilərəm. Birgə layihələrdə 20-yə qədər QHT-nin təşəbbüsü dəstəklənib. Eyni zamanda, onu da xüsusi vurğulamaq istəyirəm ki, 2009-cu ildə regionlara xüsusi diqqət yönəltmişik. Region QHT-lərinin bilik və bacarığının artırılması üçün BMT-nin İnkişaf Proqramı ilə birgə əməkdaşlıq memorandumu imzaladıq. Bu memorandumun icrası nəticəsində 400-dən çox QHT fəalına təlimlər keçdik. Ötən ilin dekabr ayında isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə memorandum imzalandı və bu razılaşma 2010-cu ildə reallaşacaq. Memorandumun tələblərindən irəli gələrək biz birgə müsabiqələrin keçirilməsi, QHT-lərin fəaliyyəti üçün mövcud şəraitin yaxşılaşdırılması, QHT problemlərinin daha effektiv şəkildə həlli ilə bağlı birgə fəaliyyəti həyata keçirəcəyik”. Şura sədrinin sözlərinə görə, ümumilikdə, bu ilin araşdırmaları, nəticələri onu göstərir ki, 2009-cu ildə QHT-lər xeyli fəallıq nümayiş etdiriblər. QHT-lərin böyük əksəriyyəti onlara ayrılan vəsaitləri qanunvericiliyə uyğun şəkildə istifadə və icra ediblər: “Bununla yanaşı, bizim razı qalmadığımız QHT-lər də var. Bu QHT-lər hesabatların vaxtında verilməməsi, Şuranın monitorinqi üçün lazımı şəraitin yaradılmaması, Şuranın QHT-lərlə imzaladığı müqavilənin öhdəliklərinə tam şəkildə cavab verməməsi, nəhayət layihənin icrası ilə bağlı effektiv mexanizm tədbiq etməməsi ilə bağlıdır. Məlumunuz olduğu kimi, 1 təşkilata ayırdığımız qrantın ikinci tranşını ödəməkdən imtina etdik. Müqavilə yerinə yetirilmədiyinə görə layihənin icrasını dayandırdıq”. A.Quliyev onu da bildirib ki, daha 8 təşkilat da yeni müsabiqədən heç bir dəstək almayacaq. Həmçinin, təxminən 30-a yaxın təşkilat var ki, 2009-cu ildə Şura ilə əməkdaşlığı qeyri-qənaətbəxş olub və Şura bundan razı qalmayıb. Şuranın Əsasnaməsinə görə, belə hallara yol verən təşkilatlar 2 il müddətində Şuranın elan etdiyi müsabiqədən kənarda qalacaqlar. A.Quliyevin jurnalistlərin “cəzalandırılan QHT-lərlə bağlı” sualına cavabı isə belə olub: “Buna cəzalandırma deməyək. Əsasnaməyə uyğun olaraq müqavilə şərtlərini yerinə yetirməyən təşkilatların layihələri yaxın iki ildə maliyyələşməyəcək. Amma digər dəstəyi təqdim edəcəyik. Ola bilsin, biz onları müəyyən təlim, seminar və konsultasiyalara dəvət edək”. Millət vəkili QHT-lərə Dövlət Dəstəyi Şurasının 2009-cu ildə maliyyələşdirdiyi layihələrlə bağlı çap olunmuş hesabat xarakterli kitab haqqında da danışıb. O bildirib ki, Şura tərəfindən maliyyələşən layihələrlə bağlı belə bir kitab ilk dəfədir ki, hazırlanıb. Kitab həmin layihələr haqqında qısa məlumatı ictimaiyyətə təqdim edir: “Burada məqsəd QHT-lərin gördüyü işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqla yanaşı, QHT-lərin müsbət təcrübəsini yaymaqdır. Bu gün QHT-lərin dövlət, cəmiyyət üçün nə qədər əhəmiyyətli qurum olduqları, vətəndaşların problemlərinin hansı səviyyədə və necə çevik mexanizmlər tədbiq etməklə həll etmək iqtidarında olduqlarını barədə bu kitabda geniş məlumat verilir”. Şura sədri onu da qeyd edib ki, 2009-cu ildə QHT-lərin məlumatlandırılması baxımından əhəmiyyətli layihələr həyata keçirilib: “Bunlardan biri İctimai TV ilə hazırda reallaşmaqdadır. Bu da QHT-lərin problemlərinə həsr olunmuş dəyirmi masa, debat, diskusiyaların ayda 1 dəfə keçirilməsidir. Hesab edirəm ki, digər TV-lər də QHT-lərə dəstək versələr yaxşı olar”.

 

qhtxeber.az