|
Film böyük maraqla qarşılandı
Oct 29,2009 05:10
Oktyabrın 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının zalında “Çanaqqaladan başlanan yol” sənədli filminin təqdimatı oldu.Film Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılıq dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilmişdir. Ötən əsrin 20-ci illərində Türkiyənin milli istiqlal uğrunda dünya imperialist ordularına qarşı apardığı mübarizəyə Azərbaycan türklərinin qardaş yardımından bəhs edən bu film “AQAP” Prodüser Mərkəzində çəkilib. Filmin prodüseri Bəxtiyar Həsənov, ssenari müəllifi Arzu Qazıyeva, quruluşçu rejissoru Rövşən İsmayılov, operatoru Nuray Səfərlidir.Təqdimat mərasiminin aparıcısı Film Fondunun direktoru Cəmil Quliyev film haqqında qısa məlumat verdi. Sonra filmin ssenari müəllifi Arzu Qazıyeva çıxış etdi. A.Qazıyeva tədbirə buyurmuş qonaqları salamlayaraq, filmin ərsəyə gəlməsini dəstəkləmiş təşkilatlara öz minnətdarlığını bildirdi.Əsasən Türkiyə, Azərbaycan və Rusiya foto-kino arxiv materiallarının, eləcə də indiyədək bəzi qapalı mənbələrin məlumatlarından istifadə edilən film zala toplaşanlar tərəfindən böyük maraqla izləndi.50 dəqiqəlik filmin tamaşasından sonra çıxış edən millət vəkilləri Azay Quliyev, Qənirə Paşayeva, Gülər Əhmədova, Türkiyə Böyük Millət Məclisinin üzvü Şenol Bal, eləcə də tarixçi professor Eldar İsmayılov, APA İnformasiya Agentliyinin Baş direktoru Vüsalə Mahirqızı, Türkiyə Səfirliyinin mədəniyyət müşaviri Melda Araz və başqaları film haqqında öz təəssüratlarını bölüşdülər. QHTXEBER.AZ |