|
Avropa Şurasının QHT-lərlə bağlı tövsiyələrinin əks olunduğu kitabçanın təqdimatı keçirilib
Oct 29,2009 05:07
Avropa Şurasının (AŞ) quruma üzv ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı tövsiyəsi Azərbaycan dilinə tərcümə olunub. APA-nın məlumatına görə, bu gün AŞ Nazirlər Komitəsinin üzv dövlətlərə “Avropada qeyri-hökümət təşkilatlarının hüquqi statusu haqqında CM/Rec (2007) 14 saylı tövsiyəsi” adlı kitabçanın ictimai təqdimatı keçirilib. AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek deyib ki, bəzən QHT-lərin əhəmiyyəti cəmiyyətdə kifayət qədər anlaşılmır, amma buna baxmayaraq QHT-lər ölkədə demokratiyanın bərqərar olunmasına böyük tövhə verir. O bildirib ki, bu tövsiyələr 2003-cü ildə AŞ tərəfindən keçirilən sorğu nəticəsində quruma üzv ölkələrdə QHT-lərin hüquqi bazası öyrənildikdən sonra hazırlanıb. Tövsiyələrdə QHT-lərin əsas prinsipləri, məqsədləri, təşkil edilmə və üzvlük, hüquq subyektliyi, idarə edilməsi və s. aspektlər yer alıb.Tədbirdə iştirak edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, 2000-ci ildə Azərbaycanda QHT-lərin fəaliyyəti haqqında qanun qəbul edilərkən sənəd Avropa Şurasının ekspertizasından keçib: “Bu qanun Avropa Şurasının standartlarına cavab verir, amma ölkədə gedən inkişaf reallığını nəzərə alaraq tövsiyənin edilməsi çox təbiidir. Təqdim olunan tövsiyələr öyrəniləcək, Azərbaycanı qanunvericiliyi ilə uzlaşıb-uzlaşmadığı müəyyən ediləcək”. Son 2 ildə QHT-lərlə bağlı Azərbaycanda mühüm qərarların qəbul olunduğunu deyən A. Quliyev prezident tərəfindən QHT-lərə dəstək konsepsiyası haqqında sənədin imzalandığını xatırladıb. O bildirib ki, son 2 ildə QHT-lərə dövlət tərəfindən təxminən 4 milyon dollar yardım edilib: “Qeyri-hökumət təşkilatları işlərini daha yaxşı qurmalıdır, cəmiyyət qarşısında məsuliyyətlərini dərk eləməlidir”. Azay Quliyev QHT sektorunda çatışmayan cəhətlərə də toxunub, onların şəffaflığını artırılmasının vacibliyini xüsusi qeyd edib: “Avropa Komissiyası 1 ildə 12 qeyri-hökumət təşkilatına təxminən 2 milyon 700 min avro ayırıb. Bizim Şuranın ümumi büdcəsi 2 milyon manatdır, biz onu 226 QHT arasında bölürük və şəffaflığı təmin edirik, yaxşı olardı ki, digər maliyyə ayıran təşkilatlar da şəffaflığı təmin etsin”. Azay Quliyev digər çatışmazlıq kimi ölkədə indiyə kimi bütün QHT-lərin vahid hesabatının hazırlanmadığını qeyd edib. APA |