|
"Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı
Apr 10,2008 03:02
Milli Məclisdə "Könüllülük fəaliyyəti haqqında" yeni qanun layihəsi hazırlanıb. Dünən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri, o cümlədən Sosial siyasət daimi komissiyalarının birgə iclasında bu layihə müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin ötən il qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi haqqında imzaladığı sərəncamda QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyi bildirilib. "Könüllülük fəaliyyəti haqqında" qanun layihəsi də məhz bu sərəncamın qarşıya qoyduğu vəzifələrdən irəli gələrək hazırlanıb. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupuna isə Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev rəhbərlik edib. A.Quliyev bildirib ki, sənəd forum və onun beynəlxalq tərəfdaşları tərəfindən hazırlanıb. Millət vəkilinin sözlərinə görə, son zamanlar vətəndaş cəmiyyətinin inkişafı istiqamətində ciddi addımlar atılır. Bu baxımdan, QHT sektorunun inkişafı da əhəmiyyətli mərhələyə daxil olub. Cəmiyyətin problemlərinin həllində üçüncü sektorun müəyyən rol oynaması sözügedən qanunun hazırlanmasını zəruri edib. "Azərbaycanda həmişə könüllülük prinsipi ilə fəaliyyət göstəriblər. Sadəcə, onların fəaliyyətinin hüquqi tənzimlənməsi olmayıb. Fakt üçün deyim ki, 2005-ci ildə ölkəmizdə 225 min könüllü olsa da, bu göstərici ötən il 250 min nəfərə çatıb. Qanun layihəsinin hazırlanmasında Norveç, Portuqaliya və digər ölkələrin təcrübəsindən istifadə edilib" deyən A.Quliyev əlavə edib ki, Azərbaycanda könüllülük fəaliyyəti ilə yalnız təşkilatlanmış şəxslər məşğul ola biləcək. 10 maddədən ibarət olan qanun layihəsi fiziki şəxslərin öz istəyi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətlərin hüquqi əsaslarını müəyyən edir. Bu fəaliyyətlə bağlı müəyyən qadağalar da mövcuddur. Belə ki, sahibkarlıq fəaliyyəti könüllülük sayıla bilməz. Eləcə də, "Könüllülük fəaliyyəti" adı altında dini təriqətlərin yayılması, müharibə, zorakılıq və dözümsüzlüyün təbliğ edilməsi, irqi, milli, dini ədavətin qızışdırılması qadağandır. A.Quliyevin sözlərinə görə, layihənin ilkin variantında siyasi fəaliyyətin də könüllülük prinsipinə aid edilməməsi nəzərdə tutulmuşdu: "Amma nəzərə alaq ki, hansısa seçkilərdə kimsə könüllü olaraq müəyyən namizədin seçki kampaniyasında iştirak edir, onun təbliğatını aparır. Bu, qanunla qadağan edilə bilməz. Ona görə də bu məsələ layihədən çıxarıldı. Bundan əlavə, dini təriqətlərin yayılmasının qadağan edilməsi də mübahisəlidir. Çünki ölkədə dini etiqad azadlığının mövcudluğunu təsdiq edən qanun var". Könüllülərin fəaliyyət istiqamətinə gəldikdə isə, onlar əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, köçkünlərə kömək edilməsi, uşaq və gənclərlə iş aparılması, tarixi mədəni sərvətlərin qorunması ilə məşğul olmalıdırlar. Bu sıraya narkomaniya və digər zərərli vərdişlər barədə məlumatlandırma, sülh mədəniyyətinin, tolerantlığın təbliği, hüquqi maarifləndirmə, ətraf mühitin mühafizəsi, idmanın inkişafı, istehlakçıların hüquqlarının qorunması və digər qanuna zidd olmayan fəaliyyət növləri də daxildir. Bu işlər sifarişçi ilə könüllü arasında yazılı və ya şifahi müqavilə əsasında həyata keçiriləcək. Millət vəkili bildirib ki, könüllülük fəaliyyətinin təşkilatçısı dövlət orqanları, bələdiyyə, QHT-lər ola bilər. Könüllülər gördükləri işlərə görə əməkhaqqı almamaqla yanaşı, digər formada mükafatlandırılmayacaqlar. Parlamentin Sosial siyasət komissiyasının sədri Hadi Rəcəbli bildirib ki, bu qanun ictimai sifarişdir. Onun fikrincə, layihədəki mübahisəli məqamlar komissiyada yox, parlamentin plenar iclasında müzakirə edilsin. Amma millət vəkili Yaqub Mahmudov dini təriqətlərin yayılmasının qadağan edilməsinə toxunaraq deyib ki, bu məsələ qanunda əks olunmalıdır: "Son illər dini missioner təşkilatların ölkəmizə axını sürətlənib. Belə halların qarşısı alınmasa, dövlətçiliyimizə ciddi zərbə vura bilərlər. Əlbəttə, ölkəmizdə dini etiqad azadlığı mövcuddur və heç kim səmavi dinlərə qarşı çıxmır. Amma qeyri-ənənəvi dini təriqətlərin qarşısı alınmalıdır. Avropa dövlətləri həmin təriqətlərin fəaliyyətini qadağan edərək bizim tərəfə yönəldirlər. Fikrimcə, qanun layihəsində könüllülük adı altında qeyri-ənənəvi dini təriqətlərin yayılmasını qadağan edən müddəa olmalıdır". Millət vəkillərindən Nizami İsgəndərov, İlham Məmmədov və başqaları çıxış edərək qanun layihəsi haqqında fikirlərini bildiriblər. Sonda layihənin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub. Kamil HƏMZƏOĞLU, "525-ci qəzet", 10.04.08
|