|
"Avrasiya-kredit" MMC fəaliyyətə başlayıb
Dec 26,2007 03:03
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təsis etdiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı "Avrasiya-Kredit" Məhdud Məsuliyyətli Cəmiyyətinə fəalliyət göstərməsi üçün Milli Bank tərəfindən lisenziya verilib. Azərbaycanda əsasən mikrokredit fəaliyyəti ilə məşğul olmağı, qaçqınlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə, əlillərə və xüsusilə minadan zərərçəkənlərə, işğaldan azad olunan və müharibədən zərər çəkən regionların yoxsul təbəqəsinə mikrokreditlər verməyi qarşısına məqsəd qoyan "Avrasiya-Kredit" MMC beynəlxalq donor təşkilatlarla əməkdaşlıq əlaqələri qurub və bu istiqamətdə gələcəkdə yerli donorlara da müraciət etməyi planlaşdırıb. Kreditlərin verilməsi mexanizmi artıq hazırlanıb. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi Azərbaycanda Minadan zərərçəkənlərin Assosiasiyasının (AMZA) regional bölmələrinin yaradılması və fəaliyyətlərinin istiqamətləndirilməsi layihələri çərçivəsində 2008-ci ilin əvvəlindən etibarən Tərtər, Füzuli və Ağstafa rayonlarında yaşayan minadan zərərçəkənlərə, habelə aztəminatlı ailələrə kiçik kreditlərin verilməsinə başlanacaq. Müraciət edənlər tərəfindən daxil olan və müxtəlif fəaliyyət sahələrini əhatə edən rentabelli biznes-planlar "Avrasiya-Kredit" MMC-nin ekspertləri tərəfindən artıq seçilib. BAMF Mətbuat xidməti
|